Türkiyənin "Fənərbağça" futbol klubunun UEFA-dan ağır maliyyə cəzası alacağı bildirilir. Sport24.az xəbər verir ki, türkiyəli jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə, İstanbul təmsilçisi son iki mövsümdə xərcləmə limitini aşdığı üçün təxminən 10 milyon avro (20 milyon AZN) cərimələnəcək. Türkiyə mediası cəzanın artıq dəqiqləşdiyini, rəsmi prosesin isə yaxın vaxtda tamamlanacağını yazır.
İddiaya əsasən, limit aşımında baş məşqçi Joze Mourinyonun klubdan alacaqları və Kərəm Aktürkoğlunun UEFA ilə aparılan danışıqlardan sonra büdcəyə daxil edilən maaşı əsas rol oynayıb. Bu detalların UEFA-nın maliyyə araşdırmasında xüsusi nəzərə alındığı bildirilir.
Daha əvvəl İspaniyanın "AS" nəşri də UEFA-nın "Fənərbağça"nın bəzi transfer və müqavilə məsələləri ilə bağlı araşdırma apardığını yazıb. Həmin məlumatda Kərəm Aktürkoğlu, Joze Mourinyo, Milan Şkrinyar (Milan Škriniar) və Dieqo Karlosun (Diego Carlos) adları qeyd olunub. Nəşrin məlumatına görə, UEFA kluba əlavə sənədlər və yazılı izahatlar təqdim etmək üçün müraciət edib.