Azərbaycan Kubokunun finalında keçirilən "Sabah" – "Zirə" oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

 

– Oyun bizim üçün yaxşı başladı, qol vurduq. Hardasa, 30-35 dəqiqə etibarlı müdafiə olunduq. İlk hissənin sonunda rəqibə iki fürsət verdik. Birində top dirəyə dəydi, birində Silva yaxşı çıxış etdi. Bizim də əks-hücumlarımız oldu, ikinci qolu vura bilərdik. Fasilədən sonra müəyyən dəyişiklik etdik və daha etibarlı oynamağa başladıq. Rəqib fantastik qol vurdu, sonra fəallaşdıq. İkinci qolu da əks-hücumdan buraxdıq. Futbolçularıma inamlı oyunlarına görə təşəkkür edirəm. Güclü rəqibə qarşı oynadıq. Düşünürəm ki, vurulan qollar çox sualların cavabıdır. Bu, rəqibin gücündən xəbər verir.

 

– Qismət Alıyevin erkən sarı vərəqə alması oyuna nə dərəcə təsir etdi?


– Həmin epizodu görməmişəm, şərh etmək istəmirəm. Hakimlikdən danışmaq niyyətində deyiləm. Rəqibi təbrik edirəm, "qızıl dubl" etmək üçün yaxşı şansları var idi və yararlandılar.

 

– Nəticə futbolçulara psixoloji necə təsir edəcək? Dördüncü yer uğrunda mübarizəniz davam edir…


– Sona qədər mübarizə aparacağıq. Başa düşürük ki, "Neftçi" bizdən öndədir. Biz qələbələr qazansaq da, onlar da xal itirməlidir.

 

 

– Üçüncü finalı uduzdunuz. Daha güclü komanda ilə fərqli nəticə qazana bilərdiniz?


– Proqnoz vermək olmaz. Üç finalda da bəzi şeylər daha yaxşı alınsaydı, kubok qazana bilərdik. Matçlar arasında oxşarlıq var. Hər nəticə bizim üçün təcrübədir. 12 yarışdan 6-da mükafatçı olmuşuq. Düşünürəm ki, altı ildə yaxşı şeylərə nail olduq. Futbolçularla, rəhbərliklə, azarkeşlərlə qürur duyuram. Titul qazanmaq üçün daha çox şeyə ehtiyac var.