Azərbaycan Kubokunun finalında keçirilən "Sabah" – "Zirə" oyunundan (2:1) sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Futbolçularımı təbrik etmək istəyirəm. Onlar mövsüm ərzində çox yaxşı oyunlar keçirdilər. Həqiqətən, qəhrəmandırlar. Mükəmmələ yaxın mövsüm keçirdik, iki titul qazandıq, 33 oyunluq məğlubiyyətsizlik seriyası yaxaladıq. Liqanın bitməsinə bir ay qalmış çempionluğumuzu təmin etdik, kubok qazandıq. Bunlar futbolçuların əməyidir. Oyunçular necə "ac" olduqlarını göstərdilər. Onlar qələbələrə layiqdirlər. Əlavə olaraq, məşqçilər heyətinə, həkimlərə, meydançalara qulluq edənlərə, xadimələrə, hər kəsə təşəkkür edirəm. Klub rəhbərliyinə minnətdaram, onların dəstəyini hiss etdik, yanımızda oldular. Xüsusilə, idman direktorumuz Ramin Həsənov. Çalışdığım 10-cu klubdur və burda necə xüsusi insanlar işlədiyini izah edə bilmərəm. Klubda möhtəşəm atmosfer var. "Zirə"yə də uğurlar arzu edirəm, yaxşı çıxış etdilər, göründü ki, komandada məşqçi işi var.
– Mikelsin, yoxsa Mbinanın qolu fantastik alındı?
– Futbolçularımın vəzifəsi yaxşı oynamaqdır. Rəqibin fərqi yoxdur, hər zaman inamlı oynamağa çalışmışıq. Hər iki qolun önəmi böyükdür, fantastikdir. Bu qələbələrin arxasında komanda işi var. Mikels mövsümboyu möhtəşəm oynadı, amma o olmayanda, Parris, Xəyal var idi. Onlar önəmli qolların müəllifləri oldu. Futbolçularım qəhrəmandırlar. Fəxr edirəm ki, belə oyunçularım var, belə klubdayam.
– Beş fərqli ölkədə kubok qazanmısınız. Nəticələri balla dəyərləndirsəniz, "Sabah"ı hansı sıraya qoyardınız?
– Müqayisə etmək istəməzdim. Hər klub mənim üçün əziz olub. Hər kəslə yaxşı münasibət bəsləmişəm. Hamı titullar qazanmaq istəyir. Bəlkə də, son kuboku qazanırsan. Amma karyeramda ən həyəcanverici "Hayduk"la qazandığım kubokdur. "Sabah"dakı nəticələrimiz də emosional və özəldir.