Lionel Messinin doğma klubuna qayıdışının alınmaması ətrafında böyük bir qalmaqal yaşanır. Sport24.az xəbər verir ki, iki gün öncə "Barselona"nın keçmiş baş məşqçisi Xavi transferin oyunçunun maliyyə tələbləri və ya La Liqa məhdudiyyətləri səbəbindən yox, məhz prezident Joan Laportanın əmri ilə baş tutmadığını bildirib.
Bu sensasiyalı məlumatı hazırda Madrid "Atletiko"sunda çalışan "Barselona"nın keçmiş idman direktoru Mateu Alemani də təsdiqləyib. O, müqavilənin texniki cəhətdən mümkün olduğunu iddia etsə də, argentinalı futbolçunun keçidinə son anda klub rəhbərliyi tərəfindən "stop" qoyulduğunu etriaf edib:
"Leo artıq hazır idi. 2023-cü ilin yanvarında, dünya çempionatını qazandıqdan sonra telefonla danışdıq və o, qayıtmaq istədiyini dedi. Mart ayına qədər müzakirə etdik. Laportaya Messinin futbol baxımından hazır olduğunu dedim. Prezident atası ilə danışıqlara başladı və La Liqadan icazə aldıq. Amma hər şeyi dayandıran prezident oldu. Mənim marağım həqiqəti deməkdədir: Leo "Barselona"ya qayıtmadı, çünki prezident onu istəmirdi. La Liqanın və ya Xorxe Messinin daha çox pul istəməsi yalandır. Prezident və ətrafı "yox" dedilər, iddia etdilər ki, buna imkanları çatmır və Messi nüfuzu ilə klub daxilindəki vəziyyətə mənfi təsir göstərəcək. Xavi haqlıdır. Bizə əməliyyatın mümkün olduğu deyildi. Xavi həqiqəti söyləyir".