"Real"ın ulduz futbolçu Kilyan Mbappe, "Oviedo"ya qarşı 2:0 hesablı qələbədən sonra qarışıq mesajlar verib. Sport24.az xəbər verir ki, fransalı hücumçu ehtiyatda qalmasından narazı olub və baş məşqçi ilə arasında keçən dialoqun detallarını açıqlayıb.

Mbappe start heyətində yer almamasını birbaşa texniki rəhbərliyin qərarı ilə əlaqələndirib:

"Baş məşqçi ilə söhbətimiz oldu. O, mənə açıq şəkildə hazırda hücum xəttində dördüncü seçim olduğumu bildirdi. Start heyətində yer almamamın səbəbi budur".

​Lakin futbolçunun bu sözləri dərhal qarşı tərəfdən reaksiya doğurub. Alvaro Arbeloa Mbappenin dediklərini inkar edərək vəziyyətin yanlış anlaşıldığını bildirib:

"Kilian məni düz başa düşməyib. Mən ona belə bir ifadə işlətməmişəm. Komandada hər kəsin öz yeri var".

Mövsümün gedişatını dəyərləndirən fransalı ulduz, komandanın performansından narazılığını gizlətməyib:

"Sezonun ilk yarısında hər şey qaydasında idi, lakin ikinci hissədə sanki hər şeyi itirdik. Bu, "Real" səviyyəsi deyil".

Gələcəyi ilə bağlı sualları cavablandıran Mbappe, klubdan getmək niyyətində olmadığını vurğulayıb.O, həmçinin Florentino Peresi klub tarixinin ən yaxşı prezidenti adlandırıb:

"Madriddə xoşbəxtəm, niyə də getməliyəm ki? Prezidentimizə böyük hörmətim var, o, tarixin ən yaxşısıdır".