Fransada "Qrenobl" və "Lion"un U-17 komandalarının oyunundan sonra azarkeşlərin iştirakı ilə qarşıdurma yaşanıb. Sport24.az "L"Equipe" nəşrinə istinadən xəbər verir ki, bir qrup şəxs "Lion"un futbolçularını və məşqçilər heyətini soyuq və odlu silahla (tapança) hədələyib.
Hadisə matçın fitindən sonra baş verib. Oyunun gedişində isə heç bir ciddi insident qeydə alınmayıb. Ancaq qarşılaşmdan başa çatdıqdan sonra azarkeşlər "Lion"un gənc futbolçularını təhqir etməyə başlayıblar, xüsusilə də futbolçulardan birini hədəf alıblar. Mübahisə fiziki davaya çevrilib və bu zaman futbolçulardan birinin başına dəyənəklə zərbə endirilib.
Bundan əlavə, hücum edənlər bir neçə futbolçunu və Florent Balmontun rəhbərlik etdiyi məşqçilər heyətini ölümlə hədələyiblər. Mənbənin özlərinə görə, hücum edənlərin əlində taxta dəyənəklər və maçete (böyük bıçaq) olub. Onlardan biri isə tapança çıxararaq atəş açıb.
"Lion"un futbolçuları və məşqçilər korpusu hüquq-mühafizə orqanlarının əməkdaşları gələnə qədər komandanın avtobusunda və paltardəyişmə otaqlarında gizləniblər.
Qeyd edək ki, "Qrenobl" rəhbərliyi baş verən zorakılığı pisləyərək, insidentdə iştirak edənlərin klubla heç bir əlaqəsinin olmadığını bildirib.