Milan prokurorluğu fahişələrin də cəlb olunması ilə əlaqəli əyləncələr təşkil etməkdə şübhəli bilinən bir şirkətlə bağlı araşdırma başladıb. Sport24.az "Gazzetta dello Sport" qəzetinə istinadən xəbər verir ki, bu işdə "İnter" və "Milan"ın oyunçuları da daxil olmaqla, A Seriyasında çıxış edən təxminən 50-yə yaxın futbolçunun da iştirak etdiyi bildirilir.
Şənliklər həm İtaliyada, həm də Yunanıstanın Mikonos şəhərindəki lüks otellərdə və gecə klublarında baş tutub.
Tədbirləri təşkil edən ər-arvad hazırda cinsi xidmətlərin təşkili və bu fəaliyyətlərdən əldə edilən gəlirlərin yuyulmasında ittiham olunur. Hər ikisi ev dustaqlığındadır.
Araşdırma həmçinin istintaq altında olan şəxslər arasında pul köçürmələrini və məşhurların, iş adamlarının və Formula 1 sürücülərinin iştirakını da aşkar edib.