FİFA prezidenti Canni İnfantino üzv ölkələrin hər birinə dünya çempionatının hüquqlarının bir hissəsinin xarici investorlara satılması ilə bağlı razılaşmanın təsdiqlənməsi şərti ilə 40 milyon dollarlıq maliyyə dəstəyi təklif edib. Sport24.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, təklif turnir hüquqlarının satışından əldə edilən gəlirin bir hissəsinin bölüşdürülməsi ilə bağlıdır. Təklif bütün 211 FİFA üzv assosiasiyasına ünvanlanıb və qərar qəbuletmə müddəti 53 gündür.

 

İnfantino məktubunda son qərarın assosiasiyalara aid olduğunu vurğulayıb. Plan təsdiqlənərsə, 1 yanvar 2027-ci il tarixində 10 milyard dollarlıq maliyyələşdirmə paketi istifadəyə veriləcək və bu da əməkdaşlığın yeni mərhələsinin başlanğıcını qeyd edəcək. Assosiasiyalar təklifi rədd etsələr, FİFA əvvəllər elan edilmiş maliyyələşdirmə proqramının parametrlərini saxlayacaq və həcmini 2,7 milyard dollar artıracaq.

 

Qeyd edək ki, xarici investorların cəlb edilməsinə qarşı çıxan bəzi mənbələr təklifi rüşvət cəhdi kimi xarakterizə ediblər.