FIFA prezidenti Canni İnfantino somalili hakim Ömər Artanın ABŞ vizası ala bilməməsi ətrafında yaranan qalmaqala münasibət bildirib. Sport24.az xəbər verir ki, dünya çempionatının startı ərəfəsində 66 dəqiqə davam edən geniş mətbuat konfransı təşkil edən İnfantino, Artanın turnirdən kənarda qalması ilə bağlı yaranan narazılıqlara toxunub.
İnfantino mövzu ilə bağlı bu fikirləri səsləndirib:
"Baş verənlər təəssüf doğurur. Amma biz hər şeyi idarə etmirik. Danışırıq, çalışırıq və həll yolu axtarırıq. Belə hallarda emosional reaksiyalar bəzən problemi həll etmir. Bəzən sadəcə sakit olun və rahatlayın. Biz hər şeyi həll etməyə çalışırıq, amma bəzən bu, imkanımız xaricində olur".
FIFA prezidenti rəhbərlik etdiyi qurumun dövlətlərin daxili qərarlarına və qanunlarına müdaxilə edə bilməyəcəyini xüsusi vurğulayıb:
"Biz dünyanın kralı deyilik ki, hökumətlərə və ya polisə kimləri ölkəyə buraxmalı olduqlarını diktə edək".
İnfantino eyni zamanda İran millisinin turnirdə iştirakı ilə bağlı suallara da cavab verib və komandanın dünya çempionatında çıxış edəcəyindən məmnun olduğunu bildirib.
O, həmçinin dünya çempionatında biletlərin qiymətləri ilə bağlı tənqidlərə də toxunaraq, qiymətlərin bazar şərtlərinə uyğun müəyyən edildiyini qeyd edib və toplanan gəlirin futbolun inkişafına yönəldildiyini bildirib.