PSJ-nin prezidenti Nasser Əl-Xələifi Paris klubunun hazırkı inkişafı və baş məşqçi Luis Enrike haqqında iddialı açıqlamalar verib. Klub rəhbəri ispaniyalı mütəxəssisin gəlişini karyerasının ən uğurlu addımlarından biri hesab edir. Sport24.az xəbər verir ki, Xələifi "CBS Sports Golazo"ya açıqlamasında Enrikenin həm peşəkar, həm də insani keyfiyyətlərini ön plana çıxarıb:

 

"Luis Enrikeni kluba gətirmək üçün bəlkə də 15 il danışıqlar aparmışıq. O, təkcə dünyanın ən yaxşı məşqçilərindən biri deyil, həm də inanılmaz insandır. Komandanı, futbolçuları və hətta Fransa mediası ilə olan çətin münasibətləri mükəmməl şəkildə idarə edir".

 

Klubun sabit bir layihə üzrə irəlilədiyini deyən prezident, yaxın gələcəkdə fərdi mükafatların da gələcəyinə inanır:

 

"Bu, uzunmüddətli planın nəticəsidir. Ən istedadlı futbolçuları və güclü məşqçini bir araya gətirmişik. Növbəti 3–5 il ərzində heyətimizdə Qızıl top qazanan futbolçular ola bilər".

 

​Əl-Xelayfi komandadakı atmosferin dəyişdiyini və futbolçuların fədakarlığını xüsusi qeyd edib:

 

"Onlar sadəcə meydanda qaçan futbolçular deyil, əsl döyüşçülərdir. Biz bir ailəyik PSJ ailəsi. Luis Enrike futbol dünyasında böyük dəyişiklik yaradıb və mən onunla fəxr edirəm".