İtaliyanın A Seriyasında çıxış edən "Atalanta" klubunun yarımmüdafiəçisi Edersonun "Barselona"ya keçidi yenidən gündəmə gəlib. Sport24.az xəbər verir ki, futbolçunun agenti Andre Kyuri braziliyalı yarımmüdafiəçinin Kataloniya klubunun sisteminə çox yaxşı uyğunlaşa biləcəyini deyib.
Onun sözlərinə görə, Ederson həm yüksək fiziki hazırlığa, həm də böyük dözümlülüyə malikdir ki, bu da "Barselona"nın oyun modelinə tam cavab verir.
Agent əlavə edib ki, bu transfer üçün əlverişli şərait yaranıb, çünki futbolçunun "Atalanta" ilə müqaviləsi başa çatmağa yaxınlaşır. O bildirib ki, klub əvvəllər Edersonu satmaq istəməyib, baxmayaraq ki, onun üçün böyük təkliflər alıb.
Sonuncu dəfə "Atalanta" oyunçunun transferi üçün 60-75 milyon avro (112-140 milyon AZN) tələb edib. Lakin müqavilənin bitmə tarixi yaxınlaşdığı üçün qiymətin iki dəfə azalması və 30-40 milyon avro (təxminən 56-75 milyon AZN) aralığına düşməsi mümkündür.
Agent sonda vurğulayıb ki, Ederson hazırda Avropada öz mövqeyində ən yaxşı statistik göstəricilərdən birinə sahib olan futbolçulardandır və hər hansı böyük klub üçün yüksək səviyyəli transfer ola bilər.