"Borussiya" (Dortmund) və Almaniyanın müdafiə sənayesi konserni "Rheinmetall" arasındakı sponsorluq müqaviləsi yenilənməyəcək. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Hazırkı müqavilənin müddəti 2027-ci ilin iyununda başa çatır. Klubun idarəedici direktoru Karsten Kramer bu qərarın səbəblərini izah edib.

 

"İlk növbədə vurğulamaq istərdim ki, biz bu qərara təkbaşına gəlməmişik. Bu, "Rheinmetall" ilə birgə qəbul edilib. Əlbəttə, biz fərqindəyik ki, tərəfdaşlığımız əvvəldən bəri mübahisələrə səbəb olub.

 

Həmçinin, klub üzvlərimiz və azarkeşlərimizin bir qismi tərəfindən səsləndirilən tənqidlərdən də xəbərdarıq. 2024-cü ildə keçirilən ümumi yığıncaqda üzvlər "Rheinmetall" ilə tərəfdaşlığın 2027-ci ildən sonra uzadılmaması təklifinə səs veriblər. Biz bunu nəzərə aldıq və "Rheinmetall" ilə müzakirələrimiz zamanı məsələyə son dərəcə ciddi yanaşdıq.

 

Şəxsən mən bu əməkdaşlığın tərəfdarı olaraq qalıram, buna görə də bu qərarı qəbul etmək mənim üçün asan olmadı. Lakin "50+1" mülkiyyət modelinə sadiqliyimizi, həmçinin klubun həmrəyliyi və birliyinin mənim üçün də üzvlərimiz qədər vacib olduğunu nəzərə alaraq, yekun qərara gəlməzdən əvvəl bütün tərəflərin mövqelərini və narahatlıqlarını nəzərdən keçirməli idik", – deyə Kramer bildirib.

 

Qeyd edək ki, Dortmund klubu Bundesliqada 9 turdan sonra 21 xal toplayaraq turnir cədvəlində 2-ci yerdədir.