"Liverpul"un hücumçusu Aleksander İsakın evini qarət etdiklərinə görə əvvəllər məhkum olunmuş cinayətkar dəstənin iki üzvü, İngiltərədə digər futbolçuların evlərinə edilən bir sıra basqınlara görə əlavə həbs cəzaları alıb. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

 

34 yaşlı Valentino Nikolov və onun 24 yaşlı bacısı oğlu Çarli Yovanoviç oğurluq hadisələrində iştirak etdiklərini etiraf ediblər. Nyukasl məhkəməsi Yovanoviçin artıq çəkdiyi altı il doqquz aylıq cəzanın üzərinə daha iki il dörd ay əlavə edib. On il müddətinə azadlıqdan məhrum edilmiş Nikolovun cəzası isə əlavə olaraq bir il dörd ay artırılıb. Hər iki şəxs cəzalarını başa vurduqdan sonra ölkədən deportasiya olunacaq.

 

Məhkəmənin məlumatına görə, cinayətkarlar İtaliyadan Böyük Britaniyaya gələrək futbolçuların sosial media hesablarını və məşq meydançalarının yerləşdiyi əraziləri izləyib, basqınları isə oyunçuların matçlarda iştirak etmək üçün evdə olmadıqları vaxtlara uyğunlaşdırıblar.

 

Qeyd edək ki, dəstənin qurbanları arasında "Mançester Yunayted"in oyunçusu Mateus Kunya, "Aston Villa"nın keçmiş futbolçusu Leon Beyli və "Birmingem"in keçmiş qapıçısı Nil Eteric də olub. 2024-cü ilin aprelində həmin şəxslər İsakın evinə edilən basqına görə məhkum edilmişdilər.