İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Peru ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi mətbuat konfransında komandanın vəziyyəti və futbolçuların durumu ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis zədəli futbolçuların bərpa prosesindən razı qaldığını bildirib:
"Niko, Lamin və Viktor müəyyən olunmuş bərpa müddətinə uyğun şəkildə sağalırlar. Hər hansı problem yaşanmasa, ayın 15-ə qədər hazır olacaqlar. Əvvəlcə vəziyyət daha mürəkkəb görünürdü, amma indi hər üçünün komandaya kömək edə biləcəyini düşünürəm", – deyə De la Fuente vurğulayıb.
İspaniyalı çalışdırıcı məşq zamanı Qavi ilə Rodriqo arasında yaşanan epizoda da münasibət bildirib:
"Bu, futboldur, bu da məşq prosesidir. Futbolçular maksimum güclərini ortaya qoyurlar və heç kimin üzr istəməsinə ehtiyac yoxdur. Hər şey qaydasındadır. Qavinin böyük enerjisi və mübarizə ruhu var. Bəli, bəzən özünü cilovlaması lazımdır, amma mən məhz belə Qavini görmək istəyirəm".
De la Fuente qarşıdakı matçda cinahlarda müxtəlif seçimlərinin olduğunu da qeyd edib:
"Fərqli variantlarımız var. Ferranı bir cinahda, Yeremini digər cinahda oynatmaq mümkündür. Oyarzabal və ya Baena da həmin mövqedə çıxış edə bilər".
Baş məşqçi ilk "11-lik" barədə isə konkret danışmaq istəməyib:
"Məqsədimiz İraqla oyunda az şans qazanan futbolçulara daha çox vaxt verməkdir. Heyəti artıq müəyyənləşdirmişəm, amma bəzi dəyişikliklər olacaq. Dünya çempionatına necə başlayacağımızla bağlı planım var, lakin hazırda heyəti açıqlamayacağam".
Sonda De la Fuente Peru ilə oyunun əhəmiyyətindən danışıb:
"Bu qarşılaşma dünya çempionatı öncəsi bizim üçün yaxşı fürsətdir. Həm turnir, həm də səfər baxımından faydalıdır. Puebla şəhərində oynayacağımız üçün çox xoşbəxtik".