Mexiko şəhərində 117.000 nəfər DÇ-2026 zamanı turistləri qarşılamaq üçün xüsusi təlim keçib. Sport24.az xəbər verir ki, bu barədə Meksikanın Turizm naziri Alexandra Fraustoya mətbuata açıqlamasında bildirib.
Fraustonun sözlərinə görə, Turizm Nazirliyi təlim proqramını təşviq edib. Təlim keçənlər arasında xidmət sferasının işçiləri, otel və restoran əməkdaşları, nəqliyyat işçiləri, tur bələdçiləri, ictimai xidmət mütəxəssisləri və könüllülər var.
Bundan əlavə, şəhərin strateji əhəmiyyətli ərazilərində infrastruktur gücləndirilib və əsas turizm məkanlarına nəqliyyatın çıxışı yaxşılaşdırılıb.
Mexiko şəhərində keçiriləcək oyunlara qatılan azarkeşlər və turistlər 63.000 otel otağından, təxminən 60.000 restoran və kafedən, eləcə də geniş ictimai nəqliyyat şəbəkəsindən istifadə edə biləcəklər.
Meksika paytaxtında həmçinin festivallar, sərgilər və digər mədəni tədbirlər keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, mundialın ilk oyunu iyunun 11-də Meksika ilə Cənubi Afrika arasında Mexiko şəhərindəki "Estadio Azteca" stadionunda keçiriləcək.