Turnirə ev sahibliyi edən tərəf İran nümayəndə heyətinin bütün üzvlərinə, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ilə əlaqəli şəxslərə viza veriləcəyi halda bu ölkənin millisi DÇ-2026-da iştirak edəcək. Sport24.az xəbər verir ki, bu barədə İranın Futbol Federasiyasının rəhbəri Mehdi Tac yerli mətbuata açıqlamasında bildirib: 

 

"Biz mütləq 2026-cı il dünya çempionatında iştirak edəcəyik, lakin ev sahibləri bizim narahatlıqlarımızı nəzərə almalıdırlar. Biz Dünya Kubokunda iştirak edəcəyik, amma inanclarımızdan, mədəniyyətimizdən və prinsiplərimizdən əl çəkmədən. Bütün oyunçulara və məşqçi heyətinə, xüsusən də İİKK-da xidmət etmiş Mehdi Taremi və Ehsan Hacsafi kimi oyunçulara heç bir problem olmadan viza verilməlidir".

 

 

Qeyd edək ki, bir müddət əvvəl İranın idman naziri Əhməd Donyamali "Dünya çempionatında iştirak etməyimizə imkan verən heç bir şərt yoxdur" deyə, bildirib. ABŞ prezidenti Donald Tramp iranlıların turnirə dəvət olunduğunu, lakin "onların öz təhlükəsizliyi naminə yarışda iştirak etməyin uyğun olmadığını" söyləyib. Həmçinin bildirilib ki, iranlılar oyunlarını Meksikada keçirmək üçün danışıqlar aparırlar.