"Mançester Siti"nin keçmiş yarımmüdafiəçisi David Silva baş məşqçi Xosep Qvardiolanın iş metodu barədə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, o, bu haqda "Cadena SER"ə açıqlama verib:

 

"Əvvəllər cinahda çox oynayırdım, baxmayaraq ki, bəzən mərkəzə də üz tuturdum. Amma Pep məni yarımmüdafiəyə çəkdi. Bu, mənim üçün mükəmməl bir mövqe idi. Onunla işləmək fərqli səviyyədə idi. Çünki o, artıq rəqib komandanın edəcəyi hər şeyi bilirdi, hər şeyə hazır idi və matçda hər şey sizin xeyrinizə həll olundu. Bu, fərqli bir səviyyədir. Onun ən pis tərəfi odur ki, futbolçuya çox sərbəstlik vermir. Amma digər cəhətlər baxımından o, dahidir".

 

Qeyd edək ki, Silva Qvardiolanın rəhbərliyi altında "Mançester Siti"də 4 mövsüm keçirib. İspan yarımmüdafiəçi "şəhərlilər"in heyətində bütün turnirlərdə 436 oyunda iştirak edib, 77 qol vurub və 136 məhsuldar ötürmə edib.