Çempionlar Liqasının 6-cı turunda "Mançester Siti"yə 2-1 hesabı ilə məğlub olduqları oyundan sonra "Real"ın yarımmüdafiəçisi Cud Bellinqem Madrid klubundakı böhran və baş məşqçi Xabi Alonsonun istefası ilə bağlı şayiələr barədə danışıb. İngiltərəli futbolçu bu barədə "TNT Sports"a açıqlama verib:

 

"Real"ın oyunçuları Xabi Alonsonu dəstəkləyirmi? 100 faiz. Məşqçi fantastikdir. Şəxsən mənim onunla əla münasibətlərim var və bilirəm ki, oyunçuların çoxu da belədir. Bəzi uğursuz oyunlardan sonra komanda daxilində müzakirələr apardıq və son iki matçda heç də pis təsir bağışlamadıq. Heç kim təslim olmur, heç kim şikayət etmir və ya gileylənmir. Biz bu çətinlikləri qəbul edirik və mübarizə aparmağa davam edirik.

Paltardəyişmə otağının xaricində nə baş verdiyindən asılı olmayaraq, hələ də vəziyyəti anlamağa çalışırıq. Bilirik ki, bu səs-küy bizə kömək etmir.

 

Vəziyyəti düzəltmək üçün lazım olan hər şeyimiz var. Bəlkə də bir az şansa ehtiyacımız var. Bəlkə də hələ də daxildə müzakirə etməli olduğumuz bir şey var. Sadəcə pis formada olmağımız mövsümün bizim üçün bitdiyi anlamına gəlmir".

 

Qeyd edək ki, La Liqanın son turunda "Selta"ya məğlub olan (0:2) Madrid klubu, Çempionlar Liqasının 6-cı turunda "Mançester Siti"yə də yenilib.