FIFA prezidenti Canni İnfantino DÇ-2026-da tətbiq olunan məcburi su fasilələrinin səbəbini açıqlayıb. Sport24.az xəbər verir ki, qurum rəhbəri bildirib ki, bu qərarın əsas səbəbi isti hava şəraiti olsa da, məqsəd yalnız futbolçuların fiziki durumunu qorumaq deyil:

"Dünya çempionatı 39 gün davam edir və komandalar bu müddətdə səkkiz oyuna qədər keçirə bilər. Belə bir turnirdə futbolçuların dincəlməsi üçün imkan yaradılması çox vacibdir. Bundan əlavə, bütün komandaların eyni şəraitdə mübarizə aparmasını təmin etməyə çalışırıq".

FİFA prezidenti qeyd edib ki, fərqli hava şəraitinin məşqçilərin oyuna təsir imkanlarını dəyişdirməsi ədalətli deyil:

"Bir matçda hava daha isti olduğu üçün məşqçinin əlavə fasilələr zamanı oyuna təsir etmək imkanı yaranır, digər görüşdə isə temperatur aşağı olduğundan belə imkan olmur. Buna görə də bütün matçlarda eyni qaydanın tətbiq edilməsini
qərara aldıq".

İnfantino əlavə edib ki, su fasilələrinin tətbiqi maliyyə məqsədi daşımır:

"FIFA bununla əlavə gəlir əldə etmir. Bütün kommersiya müqavilələri əvvəlcədən imzalanıb. Bu qərar tamamilə idman prinsiplərinə əsaslanır".