İtaliya millisinin və PSJ-nin sabiq qapıçısı Canluici Buffon keçmiş klubundan 250 min avro təzminat alıb. Sport24.az xəbər verir ki, bu barədə "L"Équipe" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, İtaliya vergi xidməti futbolçudan 2018-ci il üçün 1,2 milyon avrodan çox vergi ödəməsini tələb edib. Bildirilir ki, Buffonun PSJ ilə müqaviləsində parislilərin vergilərin bir hissəsini ödəmək öhdəliyini öz üzərinə götürdüyü bənd var. Məhz bu bəndə əsasən, veteran futbolçu məhkəməyə müraciət edib.
Qeyd edək ki, Canluici Buffon 2018-ci ilin iyulundan 2019-cu ilin iyuluna kimi PSJ-də çıxış edib. Ümumilikdə, italyan Fransa klubunda 25 oyun keçirib.