Türkiyə Super Liqasının son turunda "Antalyaspor"la qarşılaşan "Beşiktaş" bu yaxınlarda vəfat edən sabiq baş məşqçisi Mirça Luçeskunu xüsusi ehtiramla yad edib. Sport24.az xəbər verir ki, "ağ-qaralar" matçdan öncə isinmə hərəkətlərinə üzərində Luçeskunun şəkli olan xüsusi köynəklər və "Səni heç vaxt unutmayacağıq, əsrin çempionu…" yazılmış pankartla çıxıblar.

 

Bu jest həm stadiondakı, həm də ekran başındakı azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

İstanbul nəhənginin baş məşqçisi Sergen Yalçın da oyundan əvvəl verdiyi açıqlamada kədərini gizlətməyib:

"Həm "Qalatasaray", həm də "Beşiktaş"la çempionluq yaşamış, çox dəyər verdiyimiz bir insanı itirdik. Mənə həmişə sahib çıxıb, bir ata kimi davranıb. Futbol dünyası çox böyük bir simasını itirdi. Ailəsinə səbir diləyirəm. Təəssüf ki, həyat bir yerdə hər kəs üçün bitir".


​Mirça Luçesku 2003-cü ildə – klubun 100 illik yubileyində "Beşiktaş"ı çempion edərək adını klubun tarixinə qızıl hərflərlə yazdırıb.