"Barselona"nın və Fransa millisinin keçmiş müdafiəçisi Jeremi Matye keçmiş maliyyə müşavirinə qarşı məhkəmə işində qalib gəlib. Sport24.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. 

 

Mənbənın sözlərinə əsasən, "Barselona"nın sabiq futbolçusu 2008-ci ildə gəlirlərini və aktivlərini idarə etmək üçün Erik adlı bir maliyyə müşaviri ilə əməkdaşlığa başlayıb.

 

2020-ci ilə qədər Erikin idarə etdiyi investisiyalar zərər gətirməyə başlayıb. Vəziyyətin bütün təfərrüatları 2022-ci ilin payızında, maliyyə müşaviri xəstəxanaya yerləşdirildikdən sonra üzə çıxıb. Matye və həyat yoldaşı hesablarının olduğu banklarla birbaşa əlaqə saxlayaraq, fransız futbolçunun sərvətinin böyük bir hissəsinin yoxa çıxdığını aşkar ediblər.

 

Aparılan araşdırma şübhəli əməliyyatları, o cümlədən saxta imzaların istifadə olunduğu halları üzə çıxarıb. Matye Erikə qarşı məhkəmə iddiası qaldırıb və 23 mart 2026-cı ildə işi qazanıb. Məhkəmə "Barselona"nın sabiq oyunçusuna 2,8 milyon avro məbləğində təzminat ödənilməsi barədə qərar çıxarıb.

 

Lakin 31 mart tarixində "EFG Bank Luxembourg" qərardan apellyasiya şikayəti verib. Bu fakt sentyabrın 10-da Eks-an-Provans Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib. Ailə hələ də vəsaiti əldə edə bilməyib.

 

Qeyd edək ki, Matye karyerası ərzində "Soşo", "Tuluza", "Valensiya", "Barselona", "Sportinq" (Lissabon) kimi klubların formasını geyinib.