"Bavariya"da yarımmüdafiəçi Camal Musialanın gələcəyi ilə bağlı şübhələr yaranıb. Buna səbəb futbolçunun tez-tez zədələnməsi və yüksək maaşı göstərilir. Sport24.az xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb.

 

23 yaşlı alman futbolçunun müqaviləsində 2027-ci ildə qüvvəyə minəcək sərbəst qalma bəndi (təzminat məbləği) mövcuddur. Bu, "Liverpul" və "Arsenal" da daxil olmaqla, bəi İngiltərə klublarının diqqətini çəkib.

 

"Bavariya"nın Müşahidə Şurasının üzvü Karl-Hayns Rummeniggenin sərt şərhindən sonra Musiala ətrafındakı vəziyyət daha da gərginləşib. "Köln"lə matçın (1–1) ardından Rummenigge oyunçunun hazırkı səhhətini nəzərə alaraq, onun müqaviləsi ilə bağlı məsələni necə həll edəcəyi ətrafında düşünməli olduğunu bildirib.

 

"Onun səhhəti ilə bağlı problemi var. Həmçinin məlumdur ki, futbolçunun müqaviləsi çox böyük maliyyə rəqəmlərini əhatə edir. Klub olaraq, bu vəziyyəti necə idarə edəcəyimizi düşünməliyik. Son vaxtlar yaşananlara əsasən Musialanın əvvəlki səviyyəyə qayıtması çətin olacaq".

 

Musiala ötən mövsümün xeyli hissəsini ayağının sınması və FİFA Klublararası Dünya Çempionatı zamanı Canluici Donnarumma ilə toqquşma nəticəsində topuğunun çıxması səbəbindən buraxıb. Yay aylarında o, ardıcıl iki dəfə huşunu itirib və nəticədə ona nevroloji pozuntu diaqnozu qoyulub. 2026/27 mövsümündə o, həmçinin əzələ zədəsi ilə üzləşib. İştirak etdiyi beş matçda isə beş qol vurub və bir məhsuldar ötürmə edib. "Bild" nəşrinin məlumatına görə, noyabrın 18-də məşq zamanı o, yenidən huşunu itirib.

 

Musialanın "Bavariya" ilə müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Yarımmüdafiəçinin illik maaşı təxminən 25 milyon avro təşkil edir. Almaniya mətbuatı xəbər verir ki, müqavilədə 2027-ci ilin yayında qüvvəyə minəcək sərbəst qalma bəndi (təzminat məbləği) mövcuddur və bu məbləğin təxminən 175 milyon avro olduğu bildirilir.