Rusiyanın “Ximki” komadasının yeni baş məşqçisi müəyyənləşib.

Sport24.az xəbər verir ki, komanda Andrey Talalayevə tapşırılıb.

Klubun Müşahidə Şurasının üzvü Roman Teryuşkov Talalayevin təyinatı haqda danışıb. O, rusiyalı baş məşqçi haqda bunları deyib:

“O, yaxşı mütəxəssisdir. Məhz 2019/20 mövsümündə Talalayev klubu Rusiya Premyer Liqasında saxlamağa müvəffəq oldu. Həmin uğurun memarı olmağı bacardı. Bir azarkeş kimi, “Ximki”ni növbəti mövsümdə də Premyer Liqada görmək istəyirəm. Hər şey komandanın özündən asılıdır, yəni, qalib gəlsələr, elitada qalacaqlar”.

Roman Teryuşkov rusiyalı çalışdırıcı ilə hansı səbəbdən uzunmüddətli sözləşmə imzaladıqlarını da deyib: “Talalayev döyüşə hazır komanda yığa bilir. O, nəticə qazanmaq üçün buraya gəlib. Futbolçuları yetişdirmək üçün sistem qurmaq bacarığına sahibdir. Məncə, o, aşağı liqada mübarizə aparmaqdan qorxmur. Elə bu səbəbdən, onunla uzunmüddətli müqavilə imzaladıq”.

“Ximki” hazırda ölkə çempionatının turnir cədvəlində 13 xalla 15-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, azərbaycanlı futbolçular – İlya Sadıqov və Ayaz Quliyev hazırda “Ximki” də forma geyinir. Azərbaycanlı mütəxəssis Nazim Süleymanov isə klubun əvəzedici komandasını çalışdırır.