"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim komandanın Avropa Liqasını qazanmasının mövsümü xilas etməyəcəyini düşünür. Sport24.az xəbər verir ki, "Mançester Yunayted" Avropa Liqasının yarımfinal mərhələsində "Atletik"lə ilk oyununu bu gün Bakı vaxtilə saat 23:00- da keçirəcək.
Amorim oyunöncəsi mətbuat konfransında bunları qeyd edib:
"Bizim mövsümümüzü heç nə xilas edə bilməz. Əlbəttə, insanlar bu mövsümə və baş məşqçiyə fərqli baxacaqlar. Amma burada söhbət klubumuzun təməlində duran daha böyük məsələlərdən gedir. Çox şeyi dəyişməliyik və ardıcıl olmalıyıq.
Avropa Liqasını qazanmaq problemlərimizi həll etməyəcək, bu, sadəcə, gələn il Çempionlar Liqasına vəsiqə verəcək, əlavə gəlir gətirəcək. Amma əsas problemlər qalır. Biz azarkeşlərin fikrini düzgün qərarlarla, yaxşı transfer siyasəti və akademiyamızla dəyişdirməliyik. Bizi yenidən zirvəyə qaytaracaq dəyişikliklər məhz bunlardır. Əsas problemlər başqa cür həll edilməlidir və bu, daha çox vaxt aparacaq. Biz bunun fərqindəyik".