"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Atletiko" ilə 1:1 hesablı heç-heçədən sonra hücumçusu Viktor Gyökeresin performansına toxunub.
Sport24.az xəbər verir ki, isveçli forvardın oyununu yüksək qiymətləndirən mütəxəssis, onun soyuqqanlılığını xüsusi qeyd edib.
Matçın ilk hissəsində David Hancko ilə mübarizədə penalti qazanan və imkandan maksimum yararlanaraq mövsümdəki 19-cu qoluna imza atan Gyökeres baş məşqçinin rəğbətini qazanıb. Arteta 27 yaşlı futbolçunun səviyyəsinin həlledici anlarda üzə çıxdığını bildirib:
"Viktor çox güclü ilk hissə keçirdi. Oyuna tam nəzarət edirdik, qolu və penaltini özü qazandı. Penaltini belə sakit və inamlı şəkildə yerinə yetirməsi onun yüksək səviyyəsinin göstəricisidir. O, buz kimi sakit idi".
Qeyd edək ki, qeyri-sabit mövsüm keçirməsinə baxmayaraq, Viktor Gyökeres 2025/26 mövsümündə məhsuldarlığı ilə diqqət mərkəzindədir. İsveçli hücumçu hazırda İngiltərə klublarında çıxış edən futbolçular arasında bütün turnirlər üzrə vurduğu qolların sayına görə yalnız Erlinq Haaland və İqor Tiaqodan geri qalır.