Londonun "Arsenal" klubu İngiltərə Kubokunun növbəti mərhələsində "Uiqan Atletik"i 4:0 hesabı ilə darmadağın edib. Bununla da "topçular" bütün turnirlərdə ardıcıl altı oyundur məğlubiyyət üzü görmür. Sport24.az xəbər verir ki, London təmsilçisinin bu seriyası Çempionlar Liqasının "Kayrat"la görüşündə qazanılan qələbə ilə başlayıb - həmin matçda "Arsenal" 3:2 hesabı ilə qalib gəlib.
Daha sonra Mikel Artetanın komandası İngiltərə Premyer Liqasında "Lids Yunayted"i 4:0 hesabı ilə məğlub edib, ardınca Liqa Kubokunda "Çelsi"yə 1:0 hesabı ilə qalib gəlib.
Bundan sonra "topçular" Premyer Liqada "Sanderlend"i 3:0 hesabı ilə üstələyib və "Brentford"la 1:1 hesablı heç-heçə edib. Seriyanın son halqası isə "latiks" üzərində qazanılan qələbə olub.
"Arsenal" növbəti matçını fevralın 18-də səfərdə İngiltərə çempionatında "Vulverhempton"a qarşı keçirəcək.