"Bizim üçün yaxşı oyun keçdi. Çox qol imkanlarımız oldu. Amma birindən yararlana bildik". Bu sözləri Sport24.az-a "Zirə"nin futbolçusu İsmayıl İbrahimli deyib.

28 yaşlı yarımmüdafiəçi "Karvan-Yevlax"a qalib gəldikləri Misli Premyer Liqasının XX turunun oyunu (1:0) barədə fikirlərini bölüşüb:

"İkinci hissədə rəqibin pressinqi, təzyiqi var idi. Fiziki yanaşma elə idi ki, sanki son oyunlarına çıxmışdılar. Elə oynayırdılar. Bəzi epizodlarda istədiyimiz şeylər tam alınmadı. Amma üç xal qazandığımız üçün şadıq. Bizim üçün vacib qələbə idi".

İbrahimli ardıcıl ikinci qələbə qazanmalarına da toxunub:

"Əvvəl "qara zolaq" var idi. Uzun marafonda uğursuz seriyalar olur. Bizdə də oldu. Ümid edirəm ki, bunlar artıq geridə qalıb, bir də yaşanmayacaq. Artıq uğurlu seriyamız başlayacaq. Növbəti matçlarda da qələbə qazanmaq üçün çalışacağıq".

Oyunçu XXI turda "Turan Tovuz"a qarşı keçirəcəkləri görüş haqqında da danışıb:

"Oyun Bakıda olacaq. Əslində, bizə qarşılaşmanın harada olmasının fərqi yoxdur. Bu görüşə də ciddi hazırlaşacağıq. Qələbə qazanmağa çalışacağıq. Bu matçın necə önəmli olduğunu başa düşürük. Təki sevinən tərəf biz olaq".

İsmayıl İbrahimli son olaraq Azərbaycan Kubokunda da iddialı olduqlarını sözlərinə əlavə edib:

"Ötən mövsüm Premyer Liqada ikinci yeri tutduq. Amma avrokuboklarda UEFA Konfrans Liqasında çıxış etdik. Kubokun vacib olduğunu başa düşürük. Ona görə hər iki turnirdə maksimum nəticə əldə etmək niyyətindəyik".