"Liverpul"un baş məşqçisi Arne Slot, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda PSJ-yə 0:2 hesabı ilə uduzmalarına baxmayaraq, cavab görüşündə "Enfild" faktorunun hər şeyi dəyişə biləcəyinə inanır. Oyun sonrası mətbuat konfransında Slot rəqibin üstünlüyünü dürüstlüklə etiraf edib:
"PSJ bu gün bizdən qat-qat yaxşı oynadı və ikidən çox qol vura bilərdilər. Lakin yaxşı tərəf odur ki, futbolçularım döyüşkənlik nümayiş etdirdilər və sonadək mübarizə apardılar. Əgər geri qaçmasaydıq, bu səviyyəli oyunçular bizi daha ağır cəzalandıra bilərdilər".
Cavab matçı barədə danışan niderlandlı mütəxəssis azarkeşlərin gücünə güvəndiyini bildirib:
"Əgər mərhələni keçmək istəyiriksə "Enfild" möcüzəsi üçün azarkeşlərin dəstəyinə ehtiyacımız var.
Qeyd edək ki, keçən mövsüm də bu iki komanda qarşılaşmış və PSJ penaltilər seriyasında qalib gələrək turu keçmişdi. "Liverpul" indi eyni senarinin təkrarlanmaması üçün doğma meydanda möcüzə axtarışında olacaq.