Azərbaycan karateçisi İrina Zaretska Portuqaliyanın Matozinyoş şəhərindəki Karate1 Premyer Liqa turnirində qazandığı pulu Ukrayna ordusuna bağışlayacaq. Sport24.az xəbər verir ki, 26 yaşlı idmançı bu barədə Dünya Karate Federasiyasının (WKF) rəsmi saytına açıqlaması zamanı məlumat verib.

O, Portuqaliyadakı turnirdə Ukrayna üçün çıxış etdiyini söyləyib: 

“Bu turnirdə nə özüm, nə də ölkəm Azərbaycan üçün mübarizə aparmışam. Mən həm də doğulduğum Ukrayna üçün döyüşmüşəm. Buna görə də, burada qazandığım pulun hamısını Ukrayna ordusunun müharibədə vuruşmasına kömək üçün verəcəm. Hər töhfə yardımçı olur”.

Zaretska yarışın finalında italiyalı Silvia Semeraroya uduzaraq gümüş medal qazanıb. Nəticədə o, 500 avro pul mükafatına sahib çıxıb.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.