Londonda keçirilən ''Queen's Club'' turnirində qələbə qazanan, karyerasında ilk dəfə ot üzərində keçirilən turnirdə çempion olan və reytinqdə zirvəyə yüksələn ispaniyalı Karlos Alkaras qarşıdan gələn mövsümün 3-cü ''Böyük Dəbilqə'' seriyalı turniri olan ''Uimbldon''u qazanmaq şansları barədə danışıb. Sport24.az xəbər verir ki, tennis dünyasında böyük səbirsizliklə gözlənilən bu turnir iyulun 3-də start götürəcək. Əsas favorit yenə də Novak Cokoviç sayılır.
Hətta turnir ərəfəsində inanılmaz bir fakt ortaya çıxıb. Cokoviç təkbaşına ''Uimbldon''da 86 oyunda qalib gəldiyi halda ''Top-20''də qərarlaşan digər 19 tennisçi bu turnirdə ümimilikdə 85 qələbə qazanıb.
Alkaras çalışır ki, qarşısına ciddi hədəf qoymasın və üzərində təzyiq yaratmasın: ''Queen's Club'' ərəfəsində də qarşıma ciddi hədəf qoymamışdım. Amma qalib gəldim. Bu qələbə özümə olan inamı çox artırdı. Çoxdandı ki ''dəbilqə'' ərəfəsində özümü bu dərəcədə inamlı hiss etmirdim. Bəli, favoritlərdən biriyəm. Amma Novak Cokoviç amilini unutmaq olmaz. Ona aid statistika mənim də qabağıma çıxıb. ''Uimbldon''da təkbaşına ''20-lik''də qərarlaşan bütün tennisçilərdən daha çox qələbə qazanıb. Bu, bir daha onun əsas favorit olduğunu göstərir. Amma ötən həftə ''Queen's Club'' turnirində sərgilədiyim səviyyəni ''Uimbldon''da da sərgiləsəm, Cokoviçlə mübarizə aparmaq şansım olacaq. Amma onunla qarşılaşmaq üçün ilk növbədə finala çıxmalıyam. Bu isə heç də asan olmayacaq''.