"'Uimbldon''un təşkilatçıları rusiyalı tennisçilərin turnirə qatılması üçün tələbləri bir qədər də sərtləşdirib. Sport24.az xəbər verir ki, gələn bazar ertəsi start götürəcək mövsümün 3-cü ''Böyük Dəbilqə'' seriyalı turnirinə qatılmaq üçün rusiyalı tennisçilər sanskiyaya düşmüş şirkətlər və sanskiyaya düşmüş şəxslər tərəfindən idarə olunan şirkətlərlə heç bir əlaqələrinin olmadığını sübut etməlidi.

Tələblərin sərtləşdirilməsi daha çox Veronika Kudermetova üzündən baş verib. Belə ki, WTA reytinqinin 12-ci pilləsində qərarlaşan 26 yaşlı tennisçi Rusiyanın nəhəng neft-qaz şirkətlərindən olan ''Tatneft'' tərəfindən maliyyələşdirilir.

Amma şirkət ötən ilin iyunundan etibarən Avropa Birliyi tərəfindən sanskiyaya məruz qalıb. Kudermetova bu yaxınlarda iştirak etdiyi turnirlərdən birində korta üzərində ''Tatneft''in loqotipi qeyd olunan köynəklə çıxış etmişdi. Bu məsələ müzakirələrə səbəb olmuş, sonradan tennisçi loqotipsiz köynəkdə oynamaqda davam etmişdi.

''Uimbldon'' təşkilatçılarının yaydığı rəsmi bəyanatda göstərilib ki, üzərində Rusiya və ya Belarusa aid hər hansı bir atributun qeyd olunduğu forma ilə korta çıxan tennisçi dərhal turnirdən kənarlaşdırılacaq. Bura hərbi simvolika və MOİK klubunun da simvolu daxildi.

Bu il nüfuzlu ''İndian-Uells'' turnirində də bununla bağlı qalmaqal yaşanmışdı. Anastasiya Potapova Cessika Pequla ilə oyundan öncə isinmə hərəkətlərinə ''Spartak''ın formasında çıxmışdı. WTA rəhbərliyi bu hərəkətinə görə 22 yaşlı rusiyalı tennisçini turnirdən kənarlaşdırmasa da, ciddi xəbərdarlıq etmişdi.