"Mingəçevir Reqatası"nın gələcəkdə bütün dünyada yayımlanan və nüfuz qazanan turnir olacağına heç bir şübhə yoxdur". Sport24.az xəbər verir ki, bunu Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop deyib.

 

Diplomat Türkiyə komandalarının mübarizəyə böyük həvəslə qoşulduğunu vurğulayıb:

 

"Hər il olduğu kimi, bu il də "Mingəçevir Reqatası"nda iştirak edirəm. Türkiyədən olan komandalarımız ildə iki dəfə buradakı turnirə böyük həyəcanla qatılırlar. Bu yarışlar Azərbaycanda və beynəlxalq aləmdə artıq ənənəvi xarakter alıb. Turnir böyük mübarizəyə səhnə olur".

 

Recep Öztop yarışın gələcək perspektivinə də toxunub:

 

"Türkiyə olaraq qardaş ölkədəki turnirdə hər zaman təmsil olunmaqdan böyük məmnunluq duyuruq. Növbəti illərdə də buradakı mübarizənin bütün dünyada yayımlanan və nüfuz qazanan bir yarış olacağına heç bir şübhəmiz yoxdur".

 

Qeyd edək ki, oktyabrın 1-də yekunlaşacaq "Mingəçevir Reqatası-2026" turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.