Sentyabrın 21-dən 24-dək Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda (FHN İSK) taekvondo üzrə uşaqlar arasında ölkə birinciliyi və 16-21 yaşlılar arasında ölkə çempionatı keçiriləcək. Sport24.az xəbər verir ki, dörd gün davam edəcək yarışda Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klubları və cəmiyyətlərin taekvondoçuları çempionluq uğrunda mübarizə aparacaqlar.
Uşaqlar arasında ölkə birinciliyində 2015-2017-ci il təvəllüdlü, 16-21 yaşlılar arasında ölkə çempionatında isə 2005-2009-cu il təvəllüdlü idmançılar iştirak edəcəklər.
Uşaqlar arasında yarışda həm oğlanlar, həm də qızlar 27, 30, 33, 36, 40, 44, 48, 52, 57 və +57 kq çəki dərəcələrində mübarizə aparacaqlar.
16–21 yaşlılar arasında isə oğlanlar 54, 58, 63, 68, 74, 80, 87 və +87 kq, qızlar 46, 49, 53, 57, 62, 67, 73 və +73 kq çəki dərəcələrində qüvvələrini sınayacaqlar.
Yarışın ilk iki günündə uşaqlar arasında ölkə birinciliyinin, son iki günündə isə 16-21 yaşlılar arasında ölkə çempionatının görüşləri keçiriləcək.
Qeyd edək ki, uşaqlar arasında çəki prosesi və mandat komissiyasının işi 20 sentyabr, 16-21 yaşlılar arasında isə 22 sentyabr tarixində FHN İSK-da təşkil olunacaq.