Tanınmış ispaniyalı tennisçi Qarbinye Muquruza həyatının ən maraqlı və xoşbəxt dönəmini yaşayır. Sport24.az xəbər verir ki, 2016-da ''Rolan Qarros''un, 2017-də isə ''Uimbldon''un qalibi olan Muquruza öz fanatı ilə evlənmək qərarına gəlib

Məsələ burasındadı ki, 2021-dəki ''US Open'' zamanı fanatlarından biri onunla selfi çəkdirmək istəmişdi. Məhz bu təsadüf nəticəsində onlar arasında münasibət yaranmışdı. Həmin şəxsin adı Nuno Borxesdi. Onun evlilik təklifinə Muquruza müsbət cavab verib.

Hazırda karyerasına ara verən və diqqətini ailəsinə, yaxınlarına yönəldən 29 yaşlı Muquruza həyat hekayəsi barədə bunları danışıb: ''Qaldığım otel mərkəzi korta yaxın idi. Ürəyim sıxıldığı üçün bir qədər gəzişmək istədim. Küçədə onunla qarşılaşdım. Mənə növbəti oyunlarda uğurlar arzuladı və selfi çəkdirmək istədi. Öz-özümə onun çox yaraşıqlı olduğunu düşündüm. Əslində mənimlə salamlaşdığı andan etibarən onunla aramızda nəsə ola biləcəyinə inandım. Münasibətlərimiz sürətlə inkişaf etdi və cəmi 2 ildən sonra Marbelyada mənə evlilik təklif etdi''.