Azərbaycan komandası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "Prezident Kuboku 2026" beynəlxalq reqatasını 9 medalla başa vurub. Sport24.az xəbər verir ki, yarışın Mingəçevirdə keçirilən son günündə yığma daha 4 medal (1 qızıl, 1 gümüş, 2 bürünc) qazanıb.
Bu gün ikinəfərlik kayak qayığında Tengiz Qaqnidze – Qiyas Əhmədov (2008-2009-cu il təvəllüdlü idmançılar) cütlüyü 200 metr məsafəyə yarışda qızıl mükafata sahib çıxıb. Niyaz Məlikov – İvan Vorobyanski (2008-2009-cu il təvəllüdlü idmançılar) cütlüyü isə gümüş medal qazanıb.
İkinəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə (2010-2011) Sənan Cəfərzadə – Tahir Mövsümov dueti bürünc mükafata sahib çıxıb. Akademik avarçəkmədə ikinəfərlik qayıqla 1500 metr məsafəyə yürüşdə (2008-2009 təvəllüdlü idmançılar) Azər İlyasov – Tunar Məmmədzadə tandemi də üçüncü olub.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edib.