Superağır çəkidə çempionluğa sabiq namizəd britaniyalı Dillian Uayt ikiqat dünya çempionu həmyerlisi Entoni Coşuanın komandasını yalan danışmaqda günahlandırıb. Sport24.az xəbər verir ki, bugünlərdə Coşuanın döyüş üçün Uayta müqavilə göndərdiyi məlum olub.

35 yaşlı Uayt bu mövzuda açıqlama verib: "Müqaviləni aldıq və vəkillərim onu incələdilər. Gördük ki, ictimaiyyət önündə dilə gətirilən bəzi məsələlər orda heç qeyd olunmayıb. Mənə standart müqavilə təklif olunacağı deyilmişdi. Amma bu, yalandı. Onlar çox qəliz müqavilə göndəriblər. Öz şərtlərini irəli sürməyə, məni tora salmağa çalışırlar. Bu, mənə lazım deyil. Mənə sadə müqavilə lazımdı. Yəni qalib gələn tərəf dərhal Səudiyyə Ərəbistanında titul uğrunda döyüşə çıxmağa haqq qazansın. Coşua ilə döyüşə pul mənbəyi kimi baxmıram. Bu döyüş mənə karyeramın inkişafı üçün lazımdı. Ona görə də təklif olunan qonorara dərhal razılaşdım. Amma indi də ortaya başqa şeylər atırlar. Onlar revanş döyüşünü də müqaviləyə salmaq istəyirlər. Amma bu, məni 1 il dala salacaq. Ona görə də mənə lazım deyil. Mənə konkret bir döyüş lazımdı və qalib gələn tərəf növbəti döyüşə haqq qazansın, vəssalam''.