''Edmonton''un hücumçusu Konnor Makdevid nüfuzlu ''Hart Trofi'' mükafatına sahib çıxıb. Sport24.az xəbər verir ki, bu mükafat MHL-də müntəzəm mövsümün ən yaxşı oyunçusuna verilir.

Qalib MHL-in Jurlanistlər Assosiasiyasının üzvləri arasında aparılan sorğu vasitəsi ilə müəyyənləşir. Maraqlıdı ki, sorğuda iştirak edən 126 jurnalistdən 125-i 1-ci yerə Makdevidi layiq görüb! Sorğuda 2-ci yeri tutan ''Boston''lu David Pastrnyakı isə yalnız 1 jurnalist 1-ci yerə qoyub.

Bununla da 26 yaşlı forvard karyerasında 3-cü dəfə bu mükafata sahib çıxıb və bu göstəricidə ''Vaşinqton''un forvardı Aleksandr Oveçkinə çatıb. Makdevid daha öncə 2016/17 və 2020/21-də mükafatı qazanmışdı. Lider isə 9 dəfə müntəzəm mövsümün ən yaxşısı seçilən əfsanəvi Ueyn Qretskidi. Makdevid 2022/23-ün müntəzəm mövsümündə 82 oyuna 153 (64+89) xal, pley-offda 12 oyuna 20 (8+12) xal toplamışdı.

''Edmonton'' isə Qərb Konfransının yarımfinalında ''Veqas''a uduzaraq (2:4) mübarizəni dayandırmalı olmuşdu.