Bu gün III MDB Oyunları çərçivəsində 8 idman növü üzrə yarışlar baş tutacaq. Sport24.az xəbər verir ki, Qəbələ Olimpiya Kompleksində stolüstü tennis yarışlarının final görüşləri keçiriləcək.
Qəbələ şəhər stadionunda futbol üzrə 16 yaşadək millilər arasında növbəti qarşılaşmalar keçiriləcək. B qrupunda Belarus Özbəkistanla üz-üzə gələcək. A qrupunda isə Qırğızıstan Tacikistanla münasibətlərə aydınlıq gətirəcək.
Qəbələ Atıcılıq Klubunda isə stend atıcılığı üzrə təsnifat və final mərhələsi baş tutacaq.
Gəncə İdman Sarayında üzgüçülük yarışları davam edəcək. Eyni arenada voleybol oyunlarına da start veriləcək. A qrupunda Azərbaycan millisi Tacikistanla üz-üzə gələcək. B qrupunda isə Belarus və Qırğızıstan yığmaları qarşılaşacaq.
Göygöl Olimpiya Kompleksində sambo üzrə yarışların qalibləri müəyyənləşəcək.
Yevlax Olimpiya İdman Kompleksində boks, Mingəçevir Kür Olimpiya Mərkəzində isə taekvondo yarışlarına start veriləcək.