"Neftçi" ilə matç çox çətin alındı". Bu sözləri Sport24.az-a açıqlamasında "Karvan-Yevlax" klubunun futbolçusu Kayl Spens deyib.
Yarımmüdafiəçi səfərdə Bakı təmsilçisi ilə qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının VI turunun oyunu ilə bağlı fikirlərini bölüşüb.
"Rəqib yaxşı və güclü komandadır. Bizim əsas məqsədimiz yaxşı müdafiə olunmaq idi. Sonra isə əks-hücumlara çıxmalıydıq. Düşünürəm ki, planı icra etdik və yaxşı müdafiə olunduq".
Oyunçu qapıçıları Kamran İbrahimov haqqında xoş sözlər işlədib:
"Bir neçə məqamda bizi xilas etdi. Xüsusən də son dəqiqələrdəki qurtarışı çox önəmli oldu. Bu, xal qazanmağımıza yardımçı oldu".
O, VII turda "Sabah"a qarşı keçirəcəkləri matçla bağlı da danışıb:
"Bu görüşə də ciddi hazırlaşacağıq. Matçda inamlı olmaq lazımdır. Əvvəlki dörd matçda məğlub olmuşduq. Xal əldə etmək bizim üçün önəmli idi. Ümid edirəm ki, növbəti qarşılaşmada üç xal qazana biləcəyik".