Bolqarıstanın paytaxtı Sofiyada Avropa Gimnastikasının 30-cu yubiley konqresi keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov təşkilatın prezidenti olaraq konqresə sədrlik edib.

Konqresdə bir sıra hesabatlar, eləcə də təşkilatın yenilənmiş Əsasnaməsi təsdiq edilib, yeni fəxri üzvlər qəbul olunub. Bundan başqa, təşkilatın 2025-ci il Konqresinin 28-29 noyabr tarixlərində Praqa (Çexiya) şəhərində keçirilməsi qərara alınıb.

Tədbirdə Qayıbov Bolqarıstanın gənclər və idman naziri Dimitar İlievə və Sofiya şəhərinin meri Vassil Terziyevə Avropa Gimnastikasının fəxri medallarını təqdim edib. Həmçinin gənclər və idman nazirimiz Litva Olimpiya Komitəsinin xüsusi medalı və Avropa Atletikası ilə əməkdaşlığa görə həmin təşkilatın xüsusi mükafatı ilə təltif edilib.