Rusiyadan olan MMA idmançısı Şarabutdin Maqomedov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində möhtəşəm çıxış etmək istəyir. Sport24.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında deyib.
Braziliyalı Mişel Pereyra ilə üz-üzə gələcək döyüşçü rəqibinin onun haqqında fikirlərinə münasibət bildirib:
"Onun məni qiymətləndirməməsinə görə çox sevinirəm. Möhtəşəm döyüş göstərmək və savaşmaq istəyirəm. Mən döyüşçüyəm, o isə aktyordur".
Ş.Maqomedog karyerasında ilk dəfədir ki, qızları ilə yarışa gəldiyini deyib:
"Amma onlar zalda olmayacaqlar, məni televiziyadan izləyəcəklər".
İdmançı futbolu da sevdiyini sözlərinə əlavə edib:
"Mənim ilk idman növüm futbol idi. Futbolçu olmağı arzulamışam. Hazırda öz işimə yönləndiyim üçün bu idman növünü elə də izləyə bilmirəm".
Xatırladaq ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.