Azərbaycan təmsilçisi Tamerlan Əzizov peşəkar tennis karyerasında mühüm nailiyyətə imza atıb. Sport24.az xəbər verir ki, idmançımız Bakıda təşkil olunan "M15 Baku" beynəlxalq turnirində start matçını qələbə ilə başa vuraraq növbəti mərhələyə vəsiqə qazanıb.

 

Bu uğur sayəsində Əzizov xal hesabını zənginləşdirərək karyerasında ilk ATP reytinq xallarını həm fərdi, həm də cütlər kateqoriyasında əldə edib. Beləliklə, Tamerlan Əzizov eyni vaxtda həm tək, həm də cütlər üzrə ATP reytinq cədvəlinə daxil olmağı bacaran ilk Azərbaycan tennisçisi kimi tarixə düşüb.

 

ATP xalları idmançılara beynəlxalq turnirlərdə qazandıqları nəticələrə uyğun olaraq verilir. Oyunçular yarışlarda irəlilədikcə toplanan xalların sayı artır. Dünya üzrə sıralamanı müəyyən edən ATP reytinqi tennisçilərin son 52 həftə ərzində göstərdiyi nəticələr əsasında formalaşır.