Azərbaycanda idman balıqçılığı üzrə iştirak ediləcək yarışların nəticələrinə uyğun olaraq milli komanda formalaşdırılacaq. Sport24.az xəbər verir ki, bunu Azərbaycan Su İdmanı Növlərinin icraçı vitse-prezidenti Fərhad Əliyev "Mingəçevir Reqatası-2026"nın ilk mərhələsindən sonra deyib.

 

O, yerli idmançıların göstəricilərinin ildən-ilə yaxşılaşdığını bildirib:

 

"Kanoe üzrə fərqlənmə var. Əvvəllər kanoedə tək idmançı çıxış edirdisə, artıq bir neçə təmsilçi və komanda var. Azərbaycan çempionatında miks – qarışıq idman növlərində həm oğlanlar, həm də qızlar mübarizə aparırlar. Bakıda və Mingəçevirdə təlim-məşq prosesi davam edir. Mingəçevirin təlim bazası kimi fəaliyyət göstərməsi barədə qərar verilib. Gələn il belə təlim məkanlarının sayı artacaq".

 

Qurum rəsmisi yarış cədvəllərinin üst-üstə düşməməsi üçün atılan addımlara da toxunub:

 

"Çətinlik ondan ibarətdir ki, eyni vaxtda yarışlar üst-üstə düşə bilir. Bu il çalışıldı ki, yelkənli idman, idman balıqçılığı, akademik avarçəkmə, kanoe və kayak üzrə turnirlər arasında müəyyən vaxt fərqi yaransın. Bir həftə öncə balıqçılıq, üç həftə əvvəl isə sentyabrda yelkənli idman üzrə Azərbaycan çempionatı təşkil olundu. Çalışacağıq ki, turnirlər bir-birinin üstünə düşməsin, maliyyə imkanları çatsın. İdmançıların, məşqçilərin və idman direktorlarının hərəsinin öz proqramı var. Hər kəs öz işini davam etdirəcək".

 

O, idman balıqçılığının inkişafı və beynəlxalq yarışlarda iştirak imkanları barədə danışıb:

 

"İdman balıqçılığının özünəməxsus qaydaları var. Bu növ üzrə Avropa və dünya çempionatları keçirilir. Əvvəllər federasiya olmadığı üçün idmançılar həmin turnirlərə qatıla bilmirdilər. Artıq federasiya nəzdində fəaliyyət göstərdikləri üçün beynəlxalq yarışlara yollana biləcəklər. Yaxın bir həftə ərzində Türkiyədə turnir təşkil olunacaq. Həmin yarışdakı nəticələrə uyğun olaraq milli komanda formalaşacaq və gələcək üçün təqvim planı müəyyənləşəcək".