Azərbaycan Cüdo Federasiyası tərəfindən təşkil olunan növbəti yarışa yekun vurulub. Sport24.az xəbər verir ki, Bakı klubları arasında keçirilən kişilərin və qadınların açıq "Federasiya kuboku"nda 32 komandanın tərkibində 199 cüdoçu (178 kişi, 21 qadın) medallar uğrunda mübarizə aparıb.

Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində baş tutan yarış üç gün davam edib.

Yarışın keçirilməsində əsas məqsəd dekabrın əvvəlində təşkil olunacaq Azərbaycan çempionatında Bakı şəhərindən iştirak edəcək cüdoçuların müəyyən olunması idi.

Turnirdə kişilər arasında Rəhim Aslanov (60 kq), Qasım Vəlizadə (66 kq), Nahid İsmayılov (73 kq), Elcan Səfiyev (81 kq), Coşqun Abdullayev (90 kq), Elvin Əhmədli (100 kq) və Kənan Nəsibov (+100kq) bütün görüşləri qələbə ilə başa vuraraq qalib adını qazanıblar. Murad Əliyev (60 kq), Aydın Rzayev (66 kq), Asim Qulamzadə (73 kq), İsmayıl Zamanov (81 kq), Məhəmmədəli Əliyev (90 kq), Natiq Bəşirov (100 kq) və Araz Mehrəliyev (+100 kq) yalnız həlledici final qarşılaşmasında məğlub olaraq gümüş medala layiq görülüblər. Rəşad Məmmədov, Mehdi Mustafayev (60 kq), Tofiq Əliyev, Nihad Babayev (66 kq), Məmmədrza Hacızadə, Nihad Ələsgərli (73 kq), Musa Hüseynli, Əli Nuriyev (81 kq), Əjdər Bağırov, Elşən Davudlu (90 kq), Abdulla İsmayılov, Hüseyn Dadaşov (100 kq), Elxan Taimrazov və İbrahimxəlil Ömərov (+100 kq) isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.

Qadınların mübarizəsində Xumar Qasımzadə (48 kq), Vüsalə Hacıyeva (52 kq), Gülnarə Bayramova (57 kq), Leyla Hüseynova (63 kq), Səbirə Əliyeva (78 kq) və Qönçə Cəfərli (+78 kq) yarışın qızıl medalına sahib olublar. Fidan Əliyeva (48 kq), Rəmziyə Hüseynova (52 kq), Lətifə Abbasova (57 kq), Aysun Verdiyeva (63 kq), Nigar Süleymanova (+78 kq) gümüş, Nəzibə Məmmədova (48 kq), Nuray Quliyeva, Leyla Atayeva (52 kq) və Elvira Mustafayeva (57 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, ümumi komanda hesabında "Şahin" İK "Federasiya kuboku" yarışının qalibi olub. U-13 İOEUGİM ikinci, "Konakan" TT komandası isə üçüncü yeri tutub.