Azərbaycanın yeniyetmələrdən ibarət cüdo üzrə milli yığma komandası 22-24 iyun tarixində Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında tarixi nəticə əldə edərək 6 qızıl və 3 bürünc olmaqla 9 medal qazanıb. Sport24.az xəbər verir ki, fərdi yarışlarda ölkəmiz medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 4-cü yeri tutub. 

Bu, Azərbaycan milli yığmasının indiyə qədər iştirak etdiyi bütün Avropa çempionatlarında həm medalların sayına, həm də əyarına görə əldə etdiyi ən yaxşı nəticədi. Belə ki, medal sayına görə bu ilə qədər ən yaxşı nəticə 2022-ci ildə keçirilən yarışda əldə edilmişdi (8 medal). Medalların əyarına görə ən yaxşı nəticələr isə 2000 və 2004-cü ildə olmuşdu (hər iki ildə 4 qızıl medal qazanılmışdı). 

Turnirin ilk günündə Azərbaycan himni 4 dəfə səsləndirilib. Belə ki, oğlanlar arasında Məhəmməd Məmişov (-50 kq.), Mirxalıq İskəndərov (-55 kq.), Məhəmməd Musayev (-60 kq.), qızlar arasında isə Vüsalə Hacıyeva (-48 kq.) bütün rəqiblərini məğlub edərək qızıl medal əldə ediblər. İdmançımız Əhməd Rüstəmov (-50 kq.) çempionatın bürünc medalını qazanıb, Nigar Məmişova (-40 kq.) isə 7-ci yerə çıxıb. 

Turnirin ikinci günündə Azərbaycan cüdoçuları daha 3 medal əldə ediblər. -66 kq. çəkidə Əbil Yusubov qızıl və Mehdi Cəfərov bürünc medal qazanıblar. -52 kq. çəkidə yarışan Xədicə Qədəşova isə Avropa çempionatının bürünc medalını əldə edib. Fidan Qasımova (-57 kq.) 7-ci yerlə kifayətlənib.

Fərdi yarışların sonuncu günündə +90 kq. çəkidə yarışan cüdoçumuz Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Aslan Kotsoyev (-81 kq.) 5-ci yerə çıxıb. 

Bununla da Azərbaycanın Avropa çempionatının fərdi yarışlarını 9 medalla başa vurub.