Cüdo üzrə gənc oğlanlardan ibarət milli komandanın Avropa Kubokunda iştirak üçün Şimali Makedoniyaya səfəri ərəfəsində milli komandanın üzvləri Tuncay Şamil və Aslan Kotsoyev arasında insident baş verib.
Azərbaycan Cüdo Federasiyasından (ACF) verilən məlumata görə, nəticədə hər iki idmançı yarışdan kənarlaşdırılıb və məsələ federasiyanın Nizam-İntizam Komitəsində araşdırılıb.
Komitə idmançılarla görüşlər keçirib, onların yazılı izahatlarını və mövcud faktları (səs yazılarını) nəzərdən keçirib. Eyni zamanda, idmançıların indiyə qədər nümayiş etdirdikləri davranışları və aldıqları cəzaları, həmçinin milli komanda rəhbərliyinin təkliflərini qiymətləndirib.
Komitə Tuncay Şamilin Beynəlxalq Cüdo Federasiyasının Etik Kodeksinə, Azərbaycan Cüdo Federasiyasının Etika Məcəlləsinə və ümumilikdə cüdo dəyərlərinə zidd hərəkətləri səbəbindən Azərbaycan millisindən müddətsiz uzaqlaşdırılması, yığmanın heyətində beynəlxalq yarış və təlim-məşq toplanışlarında iştirakına qadağa qoyulması barədə qərar verib.
Qeyd edək ki, bundan əvvəl də Tuncay Şamil dəfələrlə daxili qaydaları pozub, beynəlxalq və yerli yarışlardan kənarlaşdırılıb.
İdmançının əxlaqı, səbri və intizamı yüksək önəm kəsb edir və idman potensialı bu dəyərlərin üzərində formalaşır. ACF gələcəkdə də öz əsas prinsiplərinə və cüdonun şərəf kodeksinə sadiq qalacağını vurğulayıb.