"Millinin heyətinə baxanda əksər futbolçuların öz klubunda heç də daim meydana çıxdığını görmürük". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində yığmanın səfərdə İslandiyaya qarşı keçirəcəyi oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Düşünürdüm ki, legioner limiti ləğv olunduqdan sonra yığmanın futbolçuları öz klublarında az oynayacaqlar, elə də oldu. İlk növbədə normal oyun ortaya qoymaq lazımdır, ondan sonra inkişaf edəcəyik. Həm də yığmada böyük istək olmalıdır. Tək futbolçularda yox, məşqçilər korpusundan tutmuş, inzibatçıya qədər. Bu, çox vacib amildir. Millimiz yalnız bu fəlsəfə ilə oynamalıdır. Çünki oyunçular klublarda az oynayırlar, ona görə də, futbolçu özü-özünə motivasiya verib, yığmanın matçlarına hazırlaşmalıdır. Qarşıdakı iki oyunda hər şey ola bilər. İslandiya əsasən güc futboluna üstünlük verir. Heyətdə yer alanların böyük hissəsi xaricdə, yaxşı komandalarda çıxış edirlər. Oyunçunun adına fikir vermək lazım deyil. Birinci psixoloji cəhətdən özün hazır olmalısan. Komanda hazır və istəkli olsa, uğur qazanmağa kifayətdir".

Qeyd edək ki, sentyabrın 5-də təşkil olunacaq İslandiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.