WBA, WBO, IBF və IBO versiyası üzrə superağır çəkidə dünya çempionu Aleksandr Usikin növbəti rəqibi müəyyənləşib. Sport24.az xəbər verir ki, indiyə qədər keçirdiyi görüşlərdə məğlub olmayan ukraynalı əlcək ustası böyük britaniyalı Daniel Dyubua ilə qarşılaşacaq.

Artıq tərəflər arasında sövdələşmə baş tutub. Usikin proumoteri Aleksandr Krasyuk sosial şəbəkə vasitəsilə qarşıdakı döyüşün detalları haqda qısa məlumat verib. O, Usikin bu rəqibi ilə Polşanın Vrotslav şəhərində qarşılaşa biləcəyini bildirib. Görüşün avqustun 12-də təşkil olunacağı planlaşdırılır.

Xatırladaq ki, 2013-cü ildən peşəkar boksla məşğul olan Usik bu günə qədər keçirdiyi 20 görüşün hamısında qalib gəlib. Bu döyüşlərin 13-ü nokautla yekunlaşıb. Dyubua isə 20 görüşün 19-da qalib gəlib və yalnız 1 dəfə uduzub. Amma rəqiblərini daha çox nokauta göndərib - 19 dəfə.