Qadın boksçular arasında Azərbaycan çempionatında bu gün final döyüşləri keçirilib. Bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

 

Bakı Boks Mərkəzində təşkil edilən yarışda Lalə Mədətova (55 kq) qızıl medal qazanıb. Z-1 İdman Klubunun yetirməsi finalda Mehparə Məmmədovadan (MOİK) güclü olub – 5:0.

 

Cəmilə Sultanlı (Sumqayıt, 51 kq) da Azərbaycan çempionu tituluna yiyələnib. O, həlledici görüşdə Günel Rəhimovanı (DİN İC) 5:0 hesabı ilə məğlub edib.

 

Emili Rzayevanın ("Neftçi" İK, 60 kq) finalda rəqibi Səlbi Bayramova (Sumqayıt) olub. Hər 3 raundu xeyrinə bitirən Bakı idmançısı yekunda 5:0 hesabı ilə qələbə qazanaraq birinci olub.

 

Fatimə Mehdiyeva (Gəncə, 65 kq) isə final görüşünün taleyinə ilk raundda aydınlıq gətirib. Leyli Bayramovaya (Quba) tam üstünlüklə qalib gələn Gəncə boksçusu ölkənin ən güclüsü adına sahib çıxıb.

 

Qeyd edək ki, yarışda Güləndam Aslanova (60 kq, "Qızıl əlcək" İK) və Özləm Həsənova (65 kq, AHİTA) çempionatı bürünc medalla başa vurub.